Son günlər türk və dünya mediasında Rusiyanın Suriya və Ermənistanda öz hərbi mövcudluğunu genişləndirməsi, yunan Kiprində hərbi baza yaratmaq istəyi ilə bağlı maraqlı iddialar yer almaqdadır. Belə ki, bəzi siyasilər hesab edir ki, əslində Rusiyanın bu ölkələrdə hərbi gücünü artırması Türkiyəni rus hərbi bazaları ilə dövrələməyə, əhatəyə almağa xidmət edir. Hansı ki, bu yolla rəsmi Moskva Ankaraya təzyiq göstərmək, psixoloji basqıya məruz qoymaq niyyətindədir.
Maraqlıdır, Rusiyanın Türkiyənin dörd bir yanında rus hərbi bazalar yaratmaq planı praktiki baxımdan reallaşa bilərmi? Əgər belə bir plan gerçəkləşsə belə, bununla rəsmi Ankaranın siyasi və hərbi iradəsinə təsir göstərmək mümkün olacaqmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi analitik Aqil Səmədbəyli Putinin anti-Türkiyə siysətinin əsla bəhrə verməyəcəyini vurğulayıb:
“Rusiya son aylar iqtisadi cəhətdən xeyli zəifləyib.Təkcə 20-27 noyabr tarixi arası Rusiya mərkəz bankının ehtiyat fondu 1,9 milyard dollar azalıb. Mərkəz bankın 118 milyard dollar ehtiyatı qalıb. Putin Rusiyanın dağılmasının qarşısını almaq üçün bilinçli olaraq aqressiv siyasət yeridir. Ancaq bütün bu cəhdlər sonda uğursuzluqla nəticələnəcək. Ona görə ki, Rusiyanın qara günləri hələ qabaqdadır.
Əsas gəliri neft və qaz satışından ibarət olan Rusiyanın həm işğal etdiyi Kırım və Donetsk vilayətinin, həm Ermənistan və Suriyadakı hərbi bazalarına uzun müddət sponsorluq etmək imkanları olmayacaq. Türkiyə isə iqtisadi cəhətdən kifayət qədər güclü dövlətdir. Türkiyə eyni zamanda NATO üzvüdür. Bununla bərabər Rusiyanın öz içində 40 milyon müsəlman - türk yaşayır. Daha burda açıqlamaq istəmədiyim bir neçə ciddi səbəbi də göz önünə alaraq deyə bilərəm ki, Rusiyanın Türkiyəyə qarşı yürütdüyü aqressiv siyasət uğursuzluğa düçar olacaq. Çox çəkməyəcək ki, rus xalqı bu aqressiv siyasətin acı nəticələrini dadacaq və Putinə qarşı səsələrini yüksəldəcəklər”.
Seymur Əliyev