İqtisadçı ekspert Elçin Qurbanovun Moderator.az-a
müsahibəsini təqdim edirik:
-Rusiya-Türkiyə arasında münasibətlər getdikcə kəskinləşir.
Bu gərginlik nə perspektiv vəd edir?
İlk olaraq qeyd edim ki,Avropa ilə Rusiya münasibətlərində
ciddi durğunluq yarandığı zaman əvvəllər Türkiyəni Avropa ailəsində görmək istəməyən Almaniya bu
dəfə məsələyə yenidən baxılmanın vacib olduğunu vurğulamışdı. Bu hadisə təxminən
üç ay öncə baş vermişdi. İqtisadi məngənənin ağır nəticələr doğuracağı halda
müharibə nidaları ilə dünya ölkələrinə hədə-qorxu gələn Rusiya üçün Türkiyə ilə
iqtisadi siyasi münasibətlərin yeni mərhələyə keçidi olduqca gərəkli idi. Bu
hadisə həm də Türkiyə üçün yeni enerji erasının başlanğıcı idi. Bu dəfə Türkiyə həm Azərbaycan, həm də Rüsiya qazının
Avropaya monoixracatçısına çevriləcəyi qədər iqtisadi strateji əhəmiyyətli şans
qazanmışdı. 22 mlrd. dollar dəyərində
qiymətləndirilən enerji layihəsi o cümlədən
atom elektrik stansiyasının inşası Türkiyənin nəhəng enerji istehsalçısına
çevriləcəyini vəd edirdi. Nəinki nəzərdə tutulan layihələrin həyata keçəcəyi, hətta
Türkiyə üçün bu günkü çox geniş Rusiya bazarının qapanması da gözləniməz oldu.
Belə bir şəraitdə Türkiyənin insidenti gərginləşdirməsi əlverişli deyil.
Türksoylu xalqların narazılıq nidalarının meydana gəlməsi isə təbiidir. Oyanış
kimi qələmə verdiyiniz narazılıq bəlkə də Rusiya haqqında beynəlxalq siyasətin
detallarından biridir. Amma onlar üçün narahat olmamaq mümkün deyil. Rusiyanın
dünya ölkələri üçün real təhlükə doğurduğu aydın görünür.
-Türkiyə Rusiya arasında gərginləşən bu münasibətlər
istər-istəməz dünyanıb bir sıra ölkələrinə də təsir edir. Xüsusilə NATO ölkələrinin
xeyli aktivləşməsi müşahidə olunur. Sizcə, gərginləşən dünyanın üfüqündə nə
görünür?
Bütün bunlar siyasi olayların görünən hissələridir.
Heç kəs deyə bilməzdi ki, Türkiyə Rusiya təyyarəsini vurmağı planlanlamışdı.
Amma hadisələrin gözlənilməz ardıcıllığı bütün dünya siyasətinin heç də mükəmməl
olmadığını və gözlənilmədən dəyişə biləcəyini bir daha təsdiq etdi. Bu da o deməkdir
ki, hadisələr heç də dünya miqyasında həlledici söz sahibi olan siyasilərin
iradəsilə gerçəkləşmir. Hərdən insan iradəsindən tamamilə kənar fövqəltəbii
siyasi nəticələr doğuran hadisələr baş verir. Elə bir mənzərə yaranır ki, dünya
dalana doğru irəliləyir. Ardını isə bilmirlər. Məncə dünyada kəskinləşən siyasi gərginlik yerini hökmən mükəmməl əmin-amanlığa verəcək. Mən buna inanıram.
-Ərdoğanın Putinlə dil tapmağa çalışdığı müşahidə
olunur. Maraqlıdır ki, Putin bu səylərə müsbət cavab vermir və iqtisadi
sanksiyalara əl atır. Hazırda özü beynəlxalq sanksiyalara məruz qalan Rusiyanın
bu addımı kimə daha çox zərər verə bilər?
Hesab edirəm ki, Rusiya hərbi təyyarəsinin Türkiyə
tərəfindən vurulmasını həddindən artıq qabartmaqla ifrat dərəcədə cılızlıq nümayiş etdirir. Sanki ölkə
daxilində vüsət alan iqtisadi uğursuzluğu hərbi atmosfer yaratmaqla diqqətdən
yayındırmaq istəyir. Rusiya və Türkiyə münasibətləri hələ 1-ci dünya müharibəsindən
və ondan daha əvvəldən də məlumdur..
-Rusiyada yaşayan müsəlman azlıqlardan da
yavaş-yavaş ayrılıq səsləri gəlir. Bu oyanışlar nə vəd edir və Azərbaycana necə
təsir göstərə bilər?
Bu gün Azərbaycan iki ölkə münasibətlərində yaranmış barışığın əldə edilməsi üçün tərəflər arasında vasitəçi kimi iştirak edə bilər. Nəzərə alsaq ki, Azərbaycan və Avropa münasibətləri bu gün o qədər də hamar deyil, silahlı münaqişələr isə neft bazarında qiymətlərin yaxın vaxtlarda sabitləşməsinə şərait yaratmayacaq, ona görə bu siyasi gərginlik Azərbaycana təhlükədən başqa heç nə vəd etmir. Azərbaycanın qardaş Türkiyənin yanında olması Avropa münasibətlərinin bərpasına dair gələcək perspektivlərin yaranması üçün də şərait yarada bilər. Amma nəhəng qonşu Rusiya ilə zidiyyətlərin yaranması risklərini neytrallaşdırmaq vacibdir.
-Avropa Birliyi Türkiyə məsələsində müsbətə doğru
müəyyən addımlar atdı. Bunu Rusiyanın təyyarəsini vuran Türkiyəyə verilmiş
“beynəlxalq mükafat” kimi qiymətləndirmək olarmı?
Avropa necə istəyir elə də qiymətləndirsin, amma
Türkiyə hadisəni mükafat kimi qiymətləndirməməlidir. Türkiyənin hansı addımları
atmasına gəlincə ,onu deyə bilərəm ki, Türkiyə bundan sonra atacağı siyasi
addımlarının nəticələrini NATO ”“dan ala biləcəyi dəstəyə hesablamamalıdır.
Avropa Birliyində isə yaranan yeni Türkiyə perspektivi zənnimcə kəşfiyyat
xarakteri daşıyır. Türkiyə Avropa Birliyində təmsil oluna bilər, amma bu qəti
olaraq ziddiyyətin dərinləşməsini stimullaşdırmamalıdır. Çünki İraq və
Suriyadan daha dəhşətli hadisələr Türkiyədə baş verə bilər. İstənilən halda reallığa görə tərəflər kompromisə getməlidir.