“Rusiya ilə niyə müharibə yoluna çıxmalıyıq ki?!
5984
30 Nov 2015 | 16:23

“Rusiya ilə niyə müharibə yoluna çıxmalıyıq ki?!"

“Azərbaycan Rusiya ilə ilk növbədə qonşu kimi, ikinci növbədə iqtisadi tərəfdaş, daha sonra isə Qarabağ məsələsində iştirakı olan ölkə kimi münasibətlərini qəti sürətdə qoruyub saxlamalıdır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

“Rusiyaya etiraz və Türkiyəyə dəstək məqsədi ilə dövlət deyil, cəmiyyət və toplum səviyyəsində Azərbaycana ixrac edilən rus məhsullarının boykot edilməsi gündəmə gətirilməlidirmi?” sualını cavablandıran politoloq bildirib ki, qəti sürətdə buna getmək olmaz: “İlk növbədə onu deyim ki, Azərbaycanla Rusiyanın arasında qeyri-adi heç nə baş verməyib. Münasibətlərimiz kifayət qədər sağlam və ildən-ilə artan səviyyədədir. Söhbət bizim iqtisadi maraqlardan gedir. Digər tərəfdən, enerji, nəqliyyat, kommunikasiya, yüksək texnologiyalar sistemində və digər sahələrdə ortaq maraqlarımız var. Bu və ya digər maraqlar reallaşdıqca hər iki tərəfə xeyir verir və bizim indekslərimiz artır. Bizim Rusiya ilə münasibətlərimizdə heç bir inciklik yaradan, şübhələr doğuran proseslər baş verməyib”.

Politoloq daha sonra ictimaiyyət arasında Rusiya ilə bağlı dolaşan fikirlərə də aydınlıq gətirməyə çalışıb: “İctimaiyyət səviyyəsində çox söz danışırlar, ancaq unutmaq olmaz ki, dövlətlər arasında münasibətlər bir gündə qurulmur. Sovetlər dağıldıqdan sonra biz iyirmi ildən artıqdır ki, Rusiya ilə enişli-yoxuşlu illəri keçib bu səviyyəyə gəlib çatmışıq. Dəfələrlə beynəlxalq meydanlarda bir-birimizin dəstəyindən istifadə etmişik. Ölkələrarası münasibətlərlə ciddi məşğul olmaq lazımdır. Bizim Rusiya ilə Türkiyə arasında baş verən münaqişə çərçivəsində bu prosesə müdaxiləmiz ümumiyyətlə lazımsızdır. Azərbaycan neytral vəziyyəti saxlamalıdır, çünki bizim Türkiyə ilə qardaşlıq, Rusiya ilə tərəfdaşlıq münasibətimiz var və biz bunların ikisini də göz bəbəyi kimi qoruyub saxlamalıyıq. Biz son illərdə yaşanan problemləri yaxşı görürük və problemlər ətrafında qeyri-peşəkarlar danışanda onları anlamaq olur ki, dünyadan xəbərləri yoxdur. Ancaq intellekt sahibləri yaxşı anlayırlar ki, belə məsələlərdə riskli davranmaq qəti qadağandır. Ən azı Rusiyada iki milyona yaxın soydaşımız yaşayır, Rusiya ilə niyə müharibə yoluna çıxmalıyıq ki?!  Qarşımızda Ermənistan problemi var və buna görə də bütün dünya dövlətləri ilə münasibətimizi taraz vəziyyətdə saxlamalıyıq ki, həqiqət, ədalət bizim tərəfimizdə olsun. Sübut edə bilək ki, bizə qarşı təcavüz olunub”.

T.Abbasov Rusiyanın hər zaman Ermənistana himayə durması məsələsinə də münasibət bildirib: “Hamı bir ağızdan deyir ki, Rusiya Ermənistanı dəstəkləyir, bəli, bilməyənlər belə deyirlər. Çünki Qarabağ problemi Sovet dönəmində yaranıb və həmin o planın arxasında Amerikanın mərkəzi kəşfiyyat idarəsi dururdu. Bütün Meqrabyanlar, Ağanbekyanlar Amerikannın dəstəyi ilə Sovet ittifaqına nüfuz edirdilər ki, erməni separatçılarının əli ilə Sovet imperiyasını çökdürsünlər. Və çökdürdülər də. 80-lərdə kim deyə bilərdi ki, Sovet İttifaqı dağılar. Bu heç kimin ağlına gəlməzdi və bu proyektin bütün məğzi, mənası ABŞ-ın gizli laboratoriyalarında işlənirdi. Rusiya isə anladı ki, burnunun altında belə məsələ varsa kənarda qala bilməz. Çünki hər iki dövlətlə qonşuluq münasibətləri var, yeni geosiyasi reallıqlar yaranır".

Sonda polotoloq Azərbaycanın bu məsələdə necə davranmalı olduğunun yollarını açıqlayıb:
“Bu məsələlərdə, emosiyalarla, hisslərlə davranmaq olmaz, dövlətlərarası münasibətlər çox ciddi məsələdir. İnsanlar gərək işin ciddiyətini anlasınlar, dərk etsinlər, məsuliyyətsiz yanaşmasınlar, “rus kimdir ki” deyə düşünməsinlər. Rusiya dünyada iki fövqəl dövlətdən biridir, potensialı kifayət qədər möhkəmdir, yüksək səviyyədədir və dünyaya prinsip etibarilə yeni bir formada qayıdır. Azərabycan da bu məsələdə neytrallığını saxlamalıdır, hətta çalışmalıdır ki, iki dövlətin arasındakı ixtilafların çözülməsində pozitiv, konstruktiv rolu olsun”.

Rumiyyə
Link kopyalandı!
Son xəbərlər