Türkiyənin Rusiyaya məxsus “Su-24” təyyarəsini vurması və bunun ardınca iki dövlət arasındakı münasibətlərin gərginləşməsi bütün dünyada ciddi müzakirələrə səbəb olub. Maraqlıdır ki, istər Türkiyə, istərsə də Azərbaycanda bəzi siyasilər Türkiyə sərhəddini pozan rus təyyarəsinin vurulmasını yanlış hesab edir, bunun Türkiyə və türk dünyası üçün acı nəticələrə səbəb olacağını proqnozlaşdırır. Bu qəbildən olan siyasilər hesab edir ki, Ərdoğan hökuməti rus təyyarəsini vurmaqla türkləri ciddi problemlərlə üz-üzə qoyub. Məhz bu baxımdan rəsmi Ankaraya yönəlik ciddi ittihamlar səsləndirilir ki, bu da Putinin anti-türk göstərişlərindən təşvişə düşən insanların hakimiyyət ətrafında səfərbər olmasına, vahid mövqe srəgiləməsinə imkan vermir.
Qeyd etdiyimiz kimi, bəzi
siyasilər türk sərhədlərini pozan, Türkiyənin qüruruna meydan oxuyan rus təyyarəsinin
vurulmasını “səhv” adlandırır. Halbuki, dövlətin sərhədlərini pozan düşmənin məhv
edilməsi ordunun, bu orduya rəhbərlik edən yetkililərin borcudur. Dövlətin
konstitusiyası da, təhlükəsizliyi də, şərəf
və nüfuzu da bunu tələb edir. Sərhəd dövlətin namusudur və onu pozan kim
olursan-olsun, hökmən cəzalandırılmalıdır. Bu məsələdə hər hansı ayrı-seçkiliyə,
əlahəddəliyə, istisnaya yol verilə bilməz. Bu mənada Ərdoğanın vurulan təyyarənin
Rusiyaya aid olduğunu bilmədikləri və məhz buna görə vurduqları ilə bağlı
açıqlaması belə utanc və məntiqsizlikdən başqa bir şey deyil.
Vurulan təyyarənin iki
dövlət arasında ciddi gərginliyə səbəb olacağı və iqtisadi baxımdan Türkiyəyə
ziyan vuracağına gəlincə, bu, şərhsiz də aydın olan bir məsələdir. Eyni
zamanda, onu da unutmaq olmaz ki, iki dövlət arasında iqtisadi əlaqələrin kəsilməsindən
Türkiyə qədər, hətta ondan da çox ziyan görəcək ölkə Rusiyanın özü olacaq.
Türkiyənin Rusiyanın
iqtisadi təzyiqlərinə məruz qalma ehtimalını əsas gətirib dövlət sərhəddinin rus təyyarələri tərəfindən açıq-aşkar
pozmasına göz yummağı tələb etmək, namusuna təcavüz edilən insandan müqavimət
göstərməməyi, sadəcə gözünü qapamağı tələb
etməyə bənzəyir.
Dövlətin
toxunulmazlığını, siyasi nüfuzunu sırf iqtisadi maraqlara qurban verməyə səsləmək
ölkənin şərəfini, onun müqəddəsliyini təhqir etmək deməkdir. Bu, türk düşüncəsinə, türk ruhuna zidd bir
çağırışdır.
Biz Ərdoğanın Türkiyənin
idarəedilməsi, türk dövlətlərinə münasibəti baxımından atdığı bir çox addımı tənqid
edə, bununla razılaşmaya bilərik. Lakin rus təyyarəsinin vurulması ilə bağlı məsələdə
Ərdoğan yerdən göyə qədər haqlıdır. Biz
Rusiyanın bütün əzəməti ilə Türkiyənin üzərinə gəldiyi bir zamanda bu addıma “səhv”
deyib türk hökumətini bu savaşda tək qoya bilmərik. Hətta Ərdoğanın bu
addımının həqiqətən də “səhv” olduğuna inanlar belə anlamalıdır ki, bu olay səhv
də olsa, düz də olsa baş verib. Biz Ərdoğana qarşı cəbhə almaq, onu ittiham etməklə
türk dünyasının mənafeyi baxımından faydalı heç nə əldə edə bilməyəcəyik. Bizim
yaranmış vəziyətdən yeganə çıxış yolumuz rəsmi Ankaranın atdığı bu addımları
sona qədər, qətiyyətlə müdafiə etmək, onu tək qoymamaq, Rusiyanın təzyiqlərinə
qarşı adekvat addımlar atmaqdır. Bunu da unutmayaq ki, suçlu olduğu halda özünü
haqlı sayan Rusiyada sadə vətəndaşlar da, siyasilər də Kremlin mövqeyini qətiyyətlə
müdafiə edir, Moskvanın günahkar olması haqqında bir kəlmə də olsun fikir səsləndirmir.
Bilməliyik ki, bu olay
yalnız Trükiyə-Rusiya arasında deyil, həm də bütün türk dünyası ilə Kreml
arasında bir şərəf, bir prinsip məsələsidr. Öz haqqını qoruyan Türkiyənin
Rusiyadan istəyəcəyi üzr yalnız Türkiyənin deyil, bütün türk dünyasının
alçalması demək olacaq. Biz ya bütün təzyiqlərə dözüb sona qədər müqavimət göstərməli,
ya da alçalaraq iqtisadi maraqlarımızı təmin etmək yolunu tutmalıyıq. Rusiyanın
bizə təklif etiyi yeganə yol alçalaraq, onun bütün özbaşınalıqlarını, hörmətsizliklərini
qəbul edərək yaşamaqdır ki, bu, heç bir şərəfli türkü qane edə bilməz.
Və sonda, bunu da unutmayaq ki, Ərdoğan hökumətinin bu “səhv”i əslində bizim illərlə gözlədiyimiz, həsrətində olduğumuz, uğurunda ölünməsi gərəkən“səhv”dir. Hansı ki, hər bir türkün ürəyində türk dünyasına hər zaman hörmətsizlik göstərən, onu alçaldan, təhqir edən, məhrumiyyətlərə düçar edən Rusiyadan kiçik də olsa bir qisas, xırda da olsa bir intiqam almaq arzusu olub. Və rəsmi Ankara “Su-24” təyyarəsini vurmaqla Türkiyənin qanuni haqlarını qorumaqla yanaşı, bu arzunu da gerçəkləşdirmiş oldu. Məhz bu baxımdan bəzi siyasətçilər tərəfindən “səhv” adlandırılan bu addım min doğrudan daha artıq hörmət və ehtirama layiqdir. Bu “səhv”in hansı nəticələrə səbəb olacağı isə hər birimizin iradəsindən, səy və dərrakəsindən, rəsmi Ankaraya verəcəyimiz dəstəkdən asılı olacaq.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru