“Ərdoğanın siyasəti Azərbaycanı Rusiya ilə üz-üzə qoyub”
6247
30 Nov 2015 | 12:20

“Ərdoğanın siyasəti Azərbaycanı Rusiya ilə üz-üzə qoyub”

Politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında təyyarə olayından sonra Türkiyə və Rusiya arasında yaranan gərginliyi şərh edib. Siyasi şərhçinin sözlərinə görə, bəzilərinin iddia etdiyinin əksinə olaraq, Türkiyənin Rusiyanın daxilində qarışıqlıq yaratmaq, ona daxildən təzyiq göstərmək imkanlrı yoxdur:

“Məsələ bundadır ki, Ərdoğanın yürütdüyü siyasət yanlışdır. İsrail və Ameriaknın təsiri altına düşən Ərdoğan iqtidarını qorumaq üçün Türkiyəni, eləcə də Azərbaycan içində olmaqla bütün türk dünyasını çox çətin vəziyyətə salıb. Ərdoğanın Rusiyanın daxilinə təzyiq mexanizmi yoxdur. Tatarların Türiyəni dəstəkləyəcəyi inandırıcı deyil. Uzun müddət rus psixologiyası altında olanlar türkçülüyü başa düşməyəcək. Türkiyənin Rusiyada daxili qarışıqlıq yaratmaq imkanı yoxdur. Orta Asiya onun deyil. Türkmənistanınn Bakı qədər əhalisi yoxdur, rəhbəri isə siyasətdən kifayət qədər uzaq bir adamdır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan isə birmənalı şəkildə Rusiyanın əlindədir. Tacikistan haqqında isə danışmağa dəyməz. İsrail və Avropa Türkiyəni sevmir. Iran, Ermənistan kimi ölkələr də Türkiyəyə qarşıdır. Baxın, Rusiya telekanallarında ən çox hay-küy salanlar kimlərdir? Onlar ermənilərdir. Orada Qarabağ ermənisi var, adı Sergey Baqdasarovdur, mən onu şəxsən tanıyıram. Onun çxışlarının hamısı qızışdırıcı mövqe tutur. Bu tərəfdən Rusiya gedib Murad Karayılanı danışdırır. PKK liderlərini gündəmə gətirir. Bozqurdları gündəmə gətirir. Artıq bu o deməkdir ki, tezliklə bozqurdlar, yəni türk millətçiləri terrorist qruplarının siyahısına salınacaq”.

C.Nuriyevin sözlərinə görə, Azərbaycanın yaranmış vəziyyətdən qurbansız çıxmağı mümkün deyil:

“Ərdoğan türk dünyasının başına elə bir bəla açıb ki, bunun içindən çıxmaq çox çətin olacaq. Mənim Türkiyəyə hörmətim olsa da, Ərdoğanın yürütdüyü siyasətin yanlışlığını etiraf etməyə məcburam. Azərbaycan böyük dövlət deyil. Lakin bizi də Rusiya ilə üz-üzə qoydu. Artıq bizə də tədricən təzyiq etməyə başlayırlar. Ermənilər baş verənlərdən çox gözəl yararlanırlar. Istər saxta erməni soyqırımı, istər Qarabağla bağlı məsələdə bundan istifadə edirlər. Azərbaycanı elə bir çıxılmaz duruma salıblar ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün nəyisə qurban verməlidir. Bizim başqa yolumuz yoxdur. Biz Türkiyənin yanında ola-ola nələrisə qurban vermək məcburiyyətində qalacayıq. Bu, Azərbaycana lazım idimi? Lazım deyildi”.

 

Seymur Əliyev

 

 

 

 

Link kopyalandı!
Son xəbərlər