“Rusiya məhvə məhkumdur və bu gerçək onu quduz itə döndərib”
5489
28 Nov 2015 | 10:16

“Rusiya məhvə məhkumdur və bu gerçək onu quduz itə döndərib”

ADR sədrinin müavini Səxavət Əlisoy Moderator.az-a açıqlamasında Türkiyə-Rusiya qarşıdurması fonunda Azərbaycanın ortaya qoymalı olduğu mövqeyi şərh edib. S.Əlisoyun sözlərinə görə, bu məsələdə diqqətli olmaq, hiss və emosiyaya qapılmamaq, mümkün qədər soyuqqanlı olmaq lazımdır:

“Məhvə məhkum imperiya quduz it kimidir. Yanındakılara hücum edər. Kreml ABŞ və Qərb ölkələri ilə müqayisədə çox gücsüz durumdadır və bu, təbii ki, rusları ciddi narahat edir. Bütün sosial, iqtisadi, hərbi statistik göstəricilər Rusiyanın sürətlə dağılacağından xəbər verir. İmperiyanın başında dayananlar da bunu gözəl dərk edir. 15 il hakimiyyətdə olan Putin qüdrətli Rusiya qura bilmədi və bu başarısızlığını kompensasiya etmək üçün postsovet ölkələrinə gücünü nümayiş etdirir. Gürcüstan hadisələrini xatırlayın. Dünya müdaxilə etməsəydi, Tiblis işğal olunacaqdı. Ukraynada baş verənləri xatırlayın. Krımın işğalını gerçəkləşdirməklə Rusiya postsovet ölkələrinin el dili ilə desək, "gözünün odunu aldı". Krımın işğalı bütün postsovet dövlətlərinə bir mesaj idi. Hər kəsə bəllidir ki, Azərbaycan da daxil, heç bir MDB dövləti Rusiya hərbi gücü qarşısında davam gətirə bilməz. Rusiya ABŞ və Qərb dövlətləri müdaxilə etməsə qısa zaman kəsimində MDB dövlətlərini işğal edə bilər. Sadəcə, bu dünyanın mövcud siyasi düzənində mümkün deyil. Təkrar edirəm, Qərbdən qat-qat gücsüz durumda olan quduz imperiya intiqamını kiçik dövlətlərdən alır. Rusiya dünyada söz sahibi deyil artıq. O məhvini, imperiyanın süqutunu görməmək ağılsızlıqdır. Ukraynaya, Suriyaya rusların müdaxiləsi imperiyanın reanimasiya cəhdləridir. Fəqət rus imperiyasının təzədən dirilməsi mümkün olan iş deyil.

Azərbaycan Rusiya məsələsində çox diqqətli olmalıdır. Dövlətblərdən deyə bilmədiklərini, edə bilmədiklərini şərait yaratmalıdır ki, ictimai qurumlar desin, etsin.

Bakıda 10-15 əyyaş İvanı KQB qəddarcasına məhv edə bilər və ""vətəndaşlarını qorumaq" adı altında Azərbaycana güc göstərə bilər. Bütün bunları biz yaşamışıq və bu quduz imperiyanın cəngindən xilas olmaq üçün yalnız ciddi, ölçülüb-biçilmiş addımlar atmalıyıq.

Cümlə Azərbaycan bilir ki, torpaqlarımızı Ermənistan yox, Rusiya işğal edib. Xocalını da onlar törədib.

Azərbaycanın bu gün Rusiya ilə qarşı-qarşıya gəlməsi üçün dəridən-qabıqdan çıxanlar var. Qəlbi Moskva ilə döyünən nə qədər azərbaycanlı var. Türkiyədəki durumdan yararlanaraq Azərbaycanın da qurbanlıq quzu kimi oyuna girməsini arzulayanlar var. Dövlət ölçülüb-biçilmiş bəyanatlar səsləndirə bilər, cəmiyyət Türkiyədəki hadisələrə biganə olmadığını da ölçülü vəziyyətdə açıqlamalıdır. Düşünürəm ki, mövcud durumda səfirliyin qarşısında piket keçirməkdənsə, soydaşlarımız Türkiyənin yanında olduğunu media vasitəsi ilə dilə gətirə bilər. Sosial şəbəkələrdə Türkiyəyə dəstək qruplarının yaradılması önəmlidir. Kəsəsi, elə etmək lazımdır ki, quduz imperiya caynaqlarını Azərbaycana tərəf çevirməsin.

Rusiya Türkiyə ilə müharibə etmək iqtidarında deyil. Humanitar yardım aparan karvana, məktəbə, xəstəxanaya həmlələr ola bilər, əlaltısı olan PKK KQB ilə hər hansı bir terror aktı gerçəkləşdirə bilər. Bütün bunlar Moskvanın xislətində var. Ancaq Rusiya heç vaxt Türkiyəyə müharibə elan edə bilməz. Dağılmaqda olan imperiyanın buna cəsarəti çatmaz”.

 

Seymur Əliyev

 

 

 

 

Link kopyalandı!
Son xəbərlər