Türkiyənin hava sərhədlərinə yaxınlaşan Rusiyaya məxsus “Su-24” təyyarəsini vurmasından sonra məlum olay bütün dünyada ciddi müzakirə obyektinə çevrilib. Nə qədər qəribə və anlaşılmaz olsa da, baş verənləri dəyərləndirən Azərbaycanın bəzi millət vəkilləri, siyasiləri məsələ ilə bağlı olduqca əcaib fikirlər səsləndirib ki, bu fikrilərdən də biri Türkiyənin etdiyi əmələ görə Rusiyadan üzr istəməsi gərəkdiyidir.
Bəzi siyasilər Türkiyənin
sərhədlərini, dövlət olaraq kimliyini heçə sayan, bütün xəbərdarlıqları gözardı
edən rus təyyarəsinin vurulmasına görə təcavüzə məruz qalan qardaş dövləti günahkar
sayır və məhz onun üzr istəməli olduğunu iddia edirlər. Bu yerdə məşğul qırğız
məsəli yada düşür: “Oğru güclüdürsə, demək günah malı aparılandadır”.
Bəli, bu gün millət vəkillərimiz,
bəzi siyasilərimiz Rusiyanı ona görə haqlı hesab etmir ki, o, həqiqətən də
suçsuzdur. Bu gün Rusiya bəzi soydaşlarımız tərəfindən ona görə müdafiə edilir,
Türkiyə ona görə suçlu qismində təqdim edilir ki, qarşıdurmanın taleyini həll
edəcək nəhəng güc vəhşi imperiyann tərəfindədir. Hər kəs yaxşı başa düşür ki,
Ukrayna və Suriya məsələsində Qərbin mövqeyinə əhəmiyyət vermədən öz istəyini həyata
keçirən, NATO ölkələrinin sərhəddini belə tez-tez pozan, bununla qarşı tərəfə
meydan oxuyan Rusiya ilə müqayisədə Türkiyə o qədər də güclü görünmür. Məhz
buna görə də sərhəddi pozulan Türkiyə müdafiə olunduğu üçün günahkar qismində təqdim
olunur.
Millət vəkillərimizin bu
cür açıqlamalarının digər bir səbəbi isə rəsmi Bakının bu məsələdə anti-Rusiya
mövqeyi ortaya qoya bilməməsi ilə bağlıdır. Başqa sözlə desək, əgər rəsmi Bakı
bu məsələdə Türkiyəni haqlı hesab etsə, o zaman “bir millət iki dövlət”
prinsipindən çıxış edərək ən yumşaq formada da olsa Türkiyəni müdafiə etmək məcburiyyəti
qarşısında qalacaq ki, bu da Rusiyadan cinin misdən qorxduğu kimi qorxan
hakimiyyət üçün mümkünsüzdür. Odur ki, çıxış yolu Türkiyəni suçlu kimi qələmə
verib onu ittiham etmək, ondan üzrxahlıq tələb etməkdir. Halbuki, baş verənlərin
mahiyyəti şərhsiz də hər kəsə bəllidir.
Bu gün Türkiyəni
Rusiyadan üzr istəməyə çağırmaq, zorlanan, təhqir edilən, alçaldılan bir şəxsi
bütün bunların ardınca üzr istəməyə səsləmək deməkdir. Hansı ki, bu, onu ikinci
dəfə təhqir etmək və alçaltmağa xidmət edir.
Bu gün Türkiyənin vurulan
rus təyyarəsinə görə Rusiyadan üzr istəməsi Azərbaycanın itirilən Qarabağa görə
Ermənistandan üzr istəməsi demək olar ki, bu da absurddur. Bu quzunun qurddan,
qurbanın qatildən üzrxahlığına demək olar. Üzrxahlıq suç və günahın təzahürüdür
və istənilən üzrxahlığın arxasında məhz bu amillər dayanmalıdır.
Sərhəd hər bir dövlətin
qüruru, şərəfi, heysiyyatıdır. Bir dövlətin sərhəddini pozmaq, onu heçə saymaq
həmin dövlətin varlığına, mövcudiyyəyinə tüpürmək deməkdir. Bir dövlətin öz sərhəddinə
sahib çxıması onun öz şərəfinə, öz ləyaqətinə sahib çıxması deməkdir. Kimisə
buna görə ittiham etməyin, üzr istəməyə çağırmağın şərəfli bir yanı yoxdur və
ola da bilməz. Özünə hörmət edən hər bir şəxs kimi hər bir dövlət də onun şərəfini
ələ salan şəxsə və ya dövlətə qarşı
müqavimət göstərməyi özünə borc bilir.
Sərhəd məsələsi namus məsələdir.
Burada önəmli olan kimin hansı gücə sahib olması deyil, kimin hansı ləyaqət və
iradəyə sahib olmasıdır.
Bu baxımdan Türkiyənin
dünyaya meydan oxuyan Rusiyaya məxsus təyyarəni vurması onun səbəb ola biləcəyi
hadisələrin nəticəsindən asılı olmayaraq təqdir edilməli, örnək sayılmalıdır.
Hansı ki, bu, kimin nə deməyindən asılı olmayaraq tarixdə sərhəd və şərəf
toxunulmazlığına olan münasibətin ən parlaq nümunələrindən biri kimi
xatırlanacaqdır.
Seymur Əliyev
e-mail: [email protected]