Bizi sosial şəbəkələrdən izləyin:
"Türkiyə Rusiya arasındakı son isti münasibətlərə nə qədər sevinirdimsə, bu günlərdəki gərginliyə də o qədər üzüldüm. Yüz illər göstərdi ki, ən çətin günümüzdə bizə qardaş, dayaq olacaq dövlət ancaq Türkiyə, başımıza gələn bəlanın isə əsas səbəbkarı Rusiya oldu. Buna baxmayaraq istənilən normal insan kimi bütün, xüsusən bizə yaxın olan dövlətlərin yaxşı münasibətini arzulamışam. Həyatın mürəkkəbliyi, rəngarəngliyi və qəddarlığı da ondadır ki, bəzən seçim etməli və konkret münasibət bildirməli olursan. Loru dildə desək "iki kresloda oturmaq" mümkün olmur. Bəziləri isə yenə mümkün olmayanı etmək istəyirlər.
Heç vaxt mənə doğmadır, yaxındır deyə kiminsə yanında olmamışam və olmaq da istəmirəm. Ən azından bu mümkün olmayanda susmağa üstünlük verirəm. Türkiyə Rusiya arasındakı son gərginliyin səbəbi olan qırıcı təyyarənin vurulmasına qısa nəzər salaq. Rusiya son 25 il Azərbaycan, Gürcüstan, Moldovada süni ərazilər yaradıb on minlərlə insanın ölümünə, dövlətlərin bir-birinə düşmən olmasına səbəbkar olub. Son bir ildə heç bir səbəb olmadan müstəqil Ukraynanın Krım ərazisini zəbt etdi, Donbas bölgəsini qan çanağına döndərdi, sərnişin təyyarəsini vurub 300-dən artıq dinc insanın faciəli ölümünü törətdi və heç vaxt günahını boynuna almadı. Son günlər Rusiyadan da qədim tarixə malik Türkiyəyə qarşı dünyanın gözü qabağında hörmətsizlik etdi, dəfələrlə sərhədini pozdu, min kilometr aralıda Türkiyənin sərhəddində yaşayan, qanı türk olan dinc əhalini körpəsi qarışıq bombardman edib qırdı. Türkiyə Rusiya ilə münasibətləri pozmamaq üçün Rusiya Xarici İşlər Nazirliyinə 3 nota verdi, ikisi sərhəd pozulması, biri türkmənlərin qırğını ilə bağlı. Əvəzində Rusiya heç bir reaksiya vermədi, Türkiyə ilə də keçmiş SSRİ dövlətləri kimi davrandı. Əgər Türkiyə hökuməti buna reaksiya verməsə idi, özünü dünyada hörmətsiz etməsini demirəm, öz əhalisi tərəfindən daş qalaq edilərdi, çünki Rusiyadan fərqli olaraq Türkiyə demokratik dövlətdir və əhalinin fikri ilə hesablaşmağa məcburdur. Buna görə də istəsən də Türkiyə hakimiyyətini qınaq obyektinə çevirmək mümkün deyil. Bununla belə nəinki Rusiyada elə Azərbaycanda belə Rusiya hakimiyyətinin özbaşnalığına, dünyaya meydan oxumasına, Türkiyə dövlətini təhqir etməsinə bəraət qazandırmağa çalışanlar oldu. Əsl milli hakimiyyət bu insanlara fikir verməlidir, mitinq edib, haqq ədaləti dilinə gətirənlərə yox. Bunlar əsl beşinci kolondurlar, məmur özbaşnalığına etraz edənlər yox. "
Aslan İsmayılov, tanınmış hüquqşunas