Rusiyanın Suriyadakı türkmən məskənlərini bombalaması Türkiyənin ciddi etirazına səbəb olub. Baş verən hadisədən sonra Rusiyaya rəsmi nota təqdim edən Türkiyə, beynəlxalq ictimaiyyətin də diqqətini məlum prosesə cəlb etmək istiqamətində konkret addımlar atmaqdadır.
Maraqlıdır, Türkiyənin
baş verənlərə operativ şəkildə reaksiya verdiyi bir vaxtda istər Azərbaycan,
istərsə də digər türk dövlətlərinin Suriyadakı türmən qətliamını susqunluqla
qarşılaması nə dərəcədə məntiqlidir? Həqiqətənmi türk dövlətlərinin bu məsələdə
edə biləcəyi heç nə yoxdur?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi,
tanınmış pedaqoq-tarixçi Dilavər Əzimli baş verənlərlə bağlı bütün türk
dünyasının ayağa qalxmasının vacib olduğunu bildirib:
“Əslində, bu məsələdə Azərbaycan ilk olaraq səsini qaldırmalıydı. Məsələ
ondadır ki, orada həlak olanlar bizlə eyni mənşədən olan türklərdir. Bizim kimi
danışırlar. Oranın ən qədim sakinləridirlər. Qəribədir, sanki onlar bizdən
deyillər. Sağ olsun, Türkiyə! Allah bayrağını uca etsin! Türkün ümid qapısı!
Türk-müsəlman dünyasının hamisi! Azərbaycan iqtidarı bu mənada heç olmasa
Türkiyəni dəsdəkləməlidir. Qafqaz Müsəlmanları İdarəsi də səsini çıxarmır.
Sanki orada həlak olanlar müsəlman deyillər. Cənibi Azərbaycan türkləri İranda ələ
salınır, susuruq. Suriya türkmənləri bombalanır, susuruq! Sonra da Dünya Azərbaycanlıların
Həmrəyliyini bayram edirik. Bu necə həmrəylikdi? Həmrəylik oxuyub-oynamaqdan
ibarət deyildir. Həmrəylik boğazdan yuxarı şənliklər keçirməkdən ibarət
deyildir. Dünyanın bütün azərbaycanlıları Azərbaycan Respublikasına böyük ümidlə
baxır.
Demirik
ki, Rusiyaya qarşı müharibə elan elə. Heç olmasa, münasibət bildir ki, Suriyada
türkmən genosidindən əl çək!”
D.Əzimlinin
bildirdiyinə görə, çağdaş dünya öz haqqını tələb edən, öz haqqı uğrunda mübarizə
aparan xalqlara rəğbətlə yanaşır və daha çox bu qəbildən olan toplumlara dəstək
durur:
“Bilirsiz,
dünyada kimə hörmət edirlər? Səsini yüksəldən xalqlara, dövlətlərə! Təsəvvür
edin ki, bu cür münasibət ermənilərə, yəhudilərə qarşı edilsəydi, nələr olardı!
Bütün dünyanı ayağa qaldırardılar. Bizdə isə televiziyalarda Suriya türkmənlərini
də az qala rusların dili ilə terrorçu adlandırırlar. Yazıqlar olsun! Görəsən
bizim qədər dünyada yazıq halına salınan millət varmı? Bunun bir günahı da ziyalılarımızdadır.
Səslərini çıxarmırlar. Amma yaltaqlanmaq üçün növbəyə dururlar. Bir ad almaq
üçün nələrə getmirlər... Təbii ki, bu cür ziyalısı olan bir millət bu gündə
olacaqdır. Amma Türkiyədə belə deyildir. Mən onların televiziyasını izləyirəm.
Hər gün Suriya türkmənlərindən reportajlar verirlər. Biz
isə yatmışıq. Çox təəssüf!”
Seymur Əliyev