Bizi sosial şəbəkələrdən izləyin:
Hazırda Rusiyanın çoxqütblü dünya sistemi ”“ nizamı formalaşdıraraq qlobal güc mərkəzinə çevrilməsi imkanları ilə bağlı akademik polemikalar aparılır. Amma Qərb tərəfindən “Avrasiyanın radioaktiv vulkanik süxuru” adlandırılan Rusiyanın özü də belə bir dünya nizamının formalaşmasının geopolitik ehtimalı olmadığını yaxşı anlayır.
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Nurlan Qələndərli maraqlı bənzətmə edib. O, bildirib ki, hazırda Rusiya “geosiyasi xərçəng” xəstəliyindən əziyyət çəkir:
“Hərbi imperializm strateji kursu üzərindən hərəkət edən Rusiyanın dünya siyasətində milli və regional təhlükəsizlik kontekstində istinad etdiyi klassik və primitiv vasitə qismində ayrı-ayrı bölgələrdə subregional münaqişə ocaqlarının və etno-siyasi kataklizmlərin ”“ seperatizmin yaradılması, nəzarətdə saxlanılması çıxış edir. Amma məsələ bundadır ki, “Şimal ayısı”nın neytrallaşdırılması ”“ iflas prosesi də elə bu taktika üzərindən həyata keçirilir. Həm olduqca maliyyə itkisinə səbəb olan, iqtisadi iflasa aparan münaqişə ocaqlarının saxlanılması zərurəti, həm də hər nə qədər nəzarətdə saxlandığı görüntüsü yaradılsa da, daxili etno-konfessional bölücülük prosesinin davam etməsi Rusiyanın “geosiyasi xərçəng” xəstəliyindən əziyyət çəkdiyini göstərir.
“Geosiyasi xərçəng” xəstəliyinin metastaz verməsi (yayılması) səbəbindən fiaskoya uğrayan SSRİ-nin mənəvi-hüquqi və iqtisadi varisi olan Rusiyanın eyni xəstəlikdən əziyyət çəkməsi, şübhəsiz, tarixin siyasi genetik reallığıdır. Necə deyərlər, zamanı geri qaytarmaq olmasa da, tarix bəzən təkrar olunur”...
Politoloq sonda onu da qeyd edib ki, Qərb Rusiyanın transregional güc mərkəzi kimi sıradan çıxmasında maraqlı deyil. Çünki Şimal nəhənginin iflası Qərbin mənafeyinə daha çox uyğun olan hazırki dünya nizamına ciddi xaos bəxş edə bilər.