Astronomlar Günəş sistemindən kənarda tam bir ili 16 saat davam edən qaynar planet kəşf ediblər.
Moderator.az mail.ru-ya istinadla xəbər verir ki, tədqiqatçılar TESS kosmik teleskopunun məlumatlarını öyrənərkən qeyri-adi ekzoplanet aşkar ediblər. TOI-2109b adlandırılan qaz nəhəngi Günəş sistemindəki Yupiterdən təxminən 5 dəfə ağır və 35% böyükdür. Planet Yerdən təqribən 855 işıq ili uzaqlıqda yerləşən Herakl bürcündəki TOI-2109 adlı ulduzun ətrafında fırlanır.
Çox yüksək temperatura (3500 Kelvindən yuxarı) malik olduğuna və Yupiterə bənzədiyinə görə “qaynar Yupiter” adlandırılan ekzoplanet az qala kiçik bir ulduz qədər istidir. “Bu, indiyə qədər kəşf etdiyimiz ikinci ən isti planetdir”, - deyə astronomlar kəşflərini belə şərh edirlər.
Lakin TOI-2109b planetini həqiqətən maraqlı edən onun ulduz ətrafında fırlanma müddətidir - bu,Yerin bir sutkasından az davam edir. Astronomlar onun orbital dağıntıya məruz qalacağına inanırlar. Çünki bir gün ulduzla toqquşacaq qədər ona getdikcə yaxınlaşır. Bununla belə, astronomlar “kosmik qəza”nı müşahidə edə bilməyəcəklər, çünki yaxınlaşma prosesi ən azı 10 milyon il davam edəcək.
Miraslan