Cəmiyyət
3483
21 Aug 2021 | 14:02

"Atam da dedi ki, yoldaş Əliyev, mənim metro ilə, liftlə, təyyarə ilə işim yoxdur..."

"Şövkət Ələkbərova atamın xətrini çox istəyirdi, yaxın sənət dostu idilər. Ailəvi çox yaxın idik, elə bilirdik ki, bizim doğma bibimizdir. Mənim doğma bibimin cavan övladları rəhmətə getmişdi, Şövkət xanım 40 gün bibimlə birgə yasda iştirak etdi. Şövkət xanımın çox böyük ürəyi var idi, böyük insan və sənətkar idi. Dostluqda etibarlı, mərd insan idi. Həmçinin Şövkət xanım həyat yoldaşım, Xalq artisti Fikrət Verdiyevin xətrini də dünyalar qədər istəyirdi. Şövkət xanım Gəncədən keçib harasa gedəndə mütləq azı 3 gün gəlib onlarda qalardı. Bütün ailələrinin hamısı Şövkət xanımı sevərdi, ordan Göygölə, Hacıkəndə gedərdilər. Şövkət xanımın hər gəlişi onların ailələri üçün toy-bayram idi".
 
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşir Verdiyeva bildirib. O daha sonra onun üçün elçiliyə Şövkət xanımın gəldiyini bildirib.
 
"Ulu öndər Heydər Əliyev atama böyük diqqət və qayğı göstərərdi, ildə 4-5 dəfə onunla telefon bağlantısı qurardı. Bir dəfə də zəng edəndə atama dedi ki, sizi Hökümət evi ilə üzbəüz mənzillə təmin etmək istəyirəm, neçənci mərtəbədən istəyərdiniz? Atam da dedi ki, yoldaş Əliyev mənim metro ilə, liftlə, təyyarə ilə işim yoxdur, mümkünsə aşağı mərtəbə olsun. Atam da ulu öndərmizin xətrini dünyalar qədər istəyirdi, o deyirdi ki, mən uzun il yaşamışam, bir neçə dövlət başçısı görmüşəm, Heydər Əliyev qədər sənətə, sənətkara dəyər verən ikinci bir dövlət başçısı görmədim. 3 bina idi yan-yana, o binalarda tanınmış sənətkarlar dövlət tərəfindən mənzillə təmin olunmuşdular. 1977-ci ildə o binaya köçdük. Atamın barelyefi də həmin binanın üzərinə vurulub. Atam Hökümət evinə, Mədəniyyət Nazirliyinə getməli idi, mənə dedi ki, sən də gəl mənimlə gedək. Çox yaxın idi Hökümət evi bizə. Atamla ordan çıxanda mən uzaqdan Fikrət müəllimi gördüm. Fikrət Verdiyev o dövrdə çox tanınmış, sevilən bir sənətkar idi. Hələ 1969-cı ildə Gəncədə "Göygöl" ansamblını yaratmışdı. Az bir müddətdə bu kollektiv bütün respublikaya səs salmışdı, tez-tez efirlərə çıxırdılar. Onun da Mədəniyyət Nazirliyində nəsə işi var idi. Fikrət bizi görən kimi yaxınlaşıb atamla görüşdü. Fikrət özünü təqdim edərək dedi ki, mən Gəncədə "Göygöl" ansamblının yaradıcısı və bədii-rəhbəriyəm. Atam da ona dedi ki, sən tək Gəncədə deyil, Gəncəbasarda heç kimin görmədiyi bir işi görmüsən. Çox ağır bir yükün altına girmisən. Tarzən kimi sən də konservatoriyanı bitirib öz işinlə məşğul ola bilərdin,  Bakıda qalıb daha tez tanına bilərdin, yaxud da hansısa kollektivdə ifa edərdin. Amma sən ən çətin yolu seçdin. Üzün ağ olsun oğul, sənə uğurlar arzu edirəm. Fikrət müəllim dedi ki, mən sizi maşınla aparıb evə düşürdə bilərəm, atam bildirdi ki, zəhmət çəkmə, ev çox yaxındır. Görüşüb sağollaşdıq. Evə çatar-çatmaz gördüm ki, telefon zəng çalır, gördüm ki, Şövkət xanımdır. Çox tələsik və hövsələsiz danışırdı. Mənə dedi ki, bu gün Xanla kim getmişdi Hökümət evinə? Dedim ki, mən. Dedi elə orada durun, mən gəlirəm (gülür). Üstündən 10 dəqiqə keçmədi ki, Şövkət xanım gəldi. Sən demə, Fikrət gedib çıxıb Şövkət xanımgilə, deyib ki, çadranı başına sal, düş qabağa, mənim üçün elçi get. Özü də Şövkət xanımı maşına qoyub, gətirib bizə. Şövkət xanım gəlib atamla böyük qonaq otağına keçdilər, qapını da bağladılar. Bir onu eşitdim ki, deyir Xan, mən sənin xətrini dünyalar qədər istəyirəm, amma Fikrət elə bir oğuldur ki, onun üzərində 10 mərtəbəli ev tikmək olar. Mən başımla cavabdehəm ona. Fikrət haqda atama məlumat verirdi, hələ də mənə çatmırdı ki, Şövkət xanım nə demək istəyir. Sonradan görüşdük, tanış olduq, onların da ailələri bizə gəldi, evdə valideynlərimlə tanış oldular. Bakıda  gözəl toyumuz oldu, 3 gün isə Gəncədə böyük toy keçirildi, biz ailə qurduq", - deyə sənətkarın qızı bildirib.
 
Link kopyalandı!
Son xəbərlər